En   Ru   Az  


     
                                                                                                                                                             
                                                                                                                           
Yararlı məlumat
Atəşgah məbədi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI
Cavanşir qalası
ÇIRAQQALA
Dairəvi Nardaran qalası
Diri-baba türbəsi
Əjdərbəy məscidi
Əskipara məbədi
İsmailiyyə Sarayı
Mömünə xatun türbəsi
Qız qalası (Bakı)
Qum bazilikası
Şəki xan sarayı (Şəki)
Şirvanşahlar sarayı
Yeddi kilsə monastır kompleksi
Yararlı məlumat  »  Diri-baba türbəsi

Azərbaycanın orta əsrlər dövründə tikilmiş görkəmli türbələr içərisində xüsusi yer tutan türbələrdən birisi də Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş ikimərtəbəli Diri-baba türbəsidir. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır. Bu türbə hər bir zaman buralara gələnlərin nəzərini, diqqətini özünə cəlb etmişdir. Türbə, özünün fövqəladə bir görkəmi və plan quruluşuna görə Azərbaycanın başqa türbələrindən ciddi surətdə fərqlənməsi ilə, hələ XVII-XIX əsrlərdə Azərbaycanda olmuş səyyahların və memarların diqqətini özünə cəlb etmişdir.

     Bu, qayada qurulmuş nəhəng qartal yuvasına bənzəyən abidə ağ ahəng daşından tikilmişdir və qəribə, qeyri-adi və cazibədar memarlıq gözəlliyi vardır. Türbəyə getmək üçün dərədən keçməli və düz divar kimi yüksəyə dırmaşmaq lazım idi. Memar abidəni yerləşdirmək üçün dərənin kənarındakı qayada süni mağara açmış və abidə onun içində inşa olunmuşdur. Məhz elə buna görə də abidənin yalnız bir fasadı vardır, qalan tərəfləri isə qayanın içərisindədir.

     Türbə ikimərtəbəlidir. Birinci mərtəbədə iki otaq vardır.Bu otaqlar cənub tərəfdən fasadda iki çatmatağla qeyd edilmişdir.Bir pəncərəli sol tərəfdəki otağın daxilində tavan çatma formasındadır.Ondan sağdakı kiçik kvadrat otağın tavanı isə səkkizkünc günbəzlə örtülmüşdür.Bu otaqdakı çatmatağlı çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır.

     İkinci mərtəbə bir geniş mərkəzli günbəzli otaqdan ibarətdir.Bu otaq aşağıdakı iki otağın sahəsi ölçüsündədir.Otaq xaricdən sferik formalı günbəzlə örtülmüşdür.Günbəzin dayağı olan künc trompları daş üzərində oyma nəbati naxışlarla bəzədilmişdir.

     Böyük otağın fasada açılan,eləcə də Şərq və Qərb tərəfə baxan işıq gələn açırımları vardır. Otaqdan şimal tərəfə açılmış iki böyük açırım türbəni qayadakı mağara ilə əlaqələndirir.

     Memarlıq obrazının orijinallığı,tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur.

     Bu binada memarın bir sıra maraqlı yaradıcılıq xüsusiyyətləri vardır. Onlardan fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə əlaqələndirilməsi, qarmaqarışıq təbiət mənzərəsində memarlıq kütlələrinin ciddiliyini qeyd etməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və sairəni göstərmək olar.

     Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir.

     Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə işlənməsi Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir.Bu trompların birində həkk edilmiş yazıya görə bu türbə ustad Hacının oğlu tərəfindən tikilmişdir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.